Rəqəmsal SLR (DSLR) kamera nədir?

rəqəmsal slr

 

Son illər Azərbaycanda da onlarla insan öz fotolarını daha keyfiyyətli etmək üçün Rəqəmsal SLR kamera almağa üz tutur. Rəqəmsal SLR kameralar bu gün bizə istənilən səhnəni öz istədiyimiz formada çəkməyə imkan verir. Bəs rəqəmsal SLR kamera nədir?

Rəqamsal SLR və ya DSLR (Digital single-lens reflex) kamera içindəki güzgü vasitəsi ilə obyektivdəki görüntünü vizora ötürən kameralardır. Yəni qısacası, əgər telefonla və ya adi rəqəmsal kamera ilə (point and shoot camera) çəkəcəyimiz fotoya əvvəlcədən kiçik ekranda baxırıqsa, Rəqamsal SLR kameralarda bunu arxadakı vizor vasitəsi ilə edirik.

Əgər xatırlasanız LCD ekranlar kameralara quraşdırılmadan əvvəl adi rəqəmsal kameralarda da vizor var idi. Ancaq bu vizor dəqiqlikdə çəkdiyimiz fotonu göstərmirdi, çünki kameranın obyektivindən bir qədər yuxarıda idi. Çəkəcəyimiz obyektə yaxınlaşdıqca vizorda görsənən görüntü ilə çəkilən foto daha çox fərqlənirdi. Amma yuxarida da qeyd etdiyimiz ki, Rəqəmsal SLR kameralarda çəkdiyimiz foto vizordan görünən görüntü ilə eynidir, çünki kamera obyektivdəki görüntünü içindəki güzgü vasitəsi ilə vizora ötürür.

Rəqamsal SLR kameralarda foto çəkiliş mexanizmi heç də sadə deyil. Bu kameraları anlamaq üçün mütləq daxili quruluşunu bilmək lazımdır. Aşağıdakı şəkilə diqqət yetirək.

SLR-Cross-Section

1) Obyektiv

2) Güzgü

3) Sensor

4) Qapaq (Shutter)

5) Fokus ekranı (Mat focus screen)

6) Kondensator obyektivi (Condenser lens)

7) Pentaprizma

8) Vizor

 

 

 

Rəqəmsal SLR kamera ilə foto çəkiliş edən zaman çəkəcəyimiz səhnənin görüntüsü (təbii ki, işıq formasında) obyektivdən keçərək güzgüyə (#2) dəyir. Güzgü kameranın içində 45 dərəcəlik bucaqda dayandığı üçün görüntünü vertikal olaraq pentaprizmaya (#7) ötürür. Pnetaprizma isə görüntünü vizora (#8) düzgün formada əks etdirir. Biz vizordan baxdığımız zaman əslində görüntünün güzgüdən əks edilmiş halını görürük. Ancaq bununla belə gördüyümüz görüntü obyektivdən gəldiyi üçün sonradan çəkəcəyimiz foto ilə eynidir.

Fotonu çəkmək üçün düyməyə basdığımız zaman güzgü yuxarı qalxır, qapaq (#3) açılır və işıq sensorun (#4) üzərinə düşür. Sensor düşən işığı yadda saxlayır. Daha sonra güzgü yenidən qapanır. Bizim sonradan foto olaraq gördüyümüz əslində sadəcə sensorun qeydə aldığı işıqdan başqa bir şey deyil. Əgər fikir versəniz rəqəmsal SLR ilə foto çəkiliş edən zaman düyməyə basdığınız anda vizordan gördüyünüz görüntü kəsilir. Buna səbəb görüntünü vizora ötürən güzgünün açılmasıdır. Bütün bu proses saniyədən bir neçə dəfə tez baş verir.

Yuxarıda foto çəkliş prosesini mümkün qədər sadə və yığcam qeyd etməyə çalışdıq. Əslində bütün bunlardan əlavə fotonun yaddaş kartına yazılmasından, sensorun avtomotik ISO təyin etməsinə qədər daha mürəkkəb məsələlər də foto çəkliş prosesi zamanı baş verir. Müasir rəqəmsal SLR kameraların işləmə mexanızmi çox mürəkkəbdir. Hər bir halda professional foto çəkilişlə məşöul olmaq istəyirsinizsə, mütləq işlədiyiniz SLR kameranın daxili quruluşunu bilməlisiniz. Bu zaman bütün prosesi anlamaq çox daha asan olacaq.

 

Öncəki yazı
Bir şərh yazın

Bir şərh yazın